27 fevral 2025-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) və Bakı Fond Birjasının təşkilatçılığı ilə yerli media nümayəndələri üçün “Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirildi.
Seminarın əsas məqsədi kapital bazarı barədə dərin və əhatəli məlumatı media nümayəndələri ilə bölüşmək, həmçinin bu sahədə maarifləndirmə prosesinin əhatə dairəsini genişləndirmək idi.
Seminar zamanı iştirakçılara AFBİA-nın İcraçı direktoru Murad Yəhyayev yerli kapital bazarının ekosistemi, kapital bazarında qanunvericilik və tənzimləmə çərçivəsi barədə, Bakı Fond Birjasının aparıcı iqtisadçısı Ülkər Əhmədova, listinq şöbəsinin baş mütəxəssisi Fərhad Mənsurov qiymətli kağızların fond birjasında ticarətinə dair məlumatı, həmçinin qlobal və Azərbaycan üzrə makroiqtisadi və kapital bazarı trendlərinə aid bulleteni media nümayəndələrinə təqdim etdi. Bundan əlavə, ABB İnvest investisiya şirkətinin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədov investisiya şirkətlərinin fəaliyyəti və İPO (İlkin İctimai Təklif), İnvest AZ investisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov isə beynəlxalq birjalar barədə - forex, əmtəə birjası haqqında məlumatı iştirakçılara təqdim etdi.
Tədbir müzakirələrlə yekunlaşdı və iştirakçılar mövzu ilə bağlı suallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə etdilər. Sonda seminar iştirakçıları sertifikatla təltif olundular.
Media nümayəndələri üçün belə seminarların keçirilməsi onların kapital bazarı sahəsində məlumatlılığını artırmaqla yanaşı, iqtisadi mövzularda daha dolğun və dəqiq məlumatların cəmiyyətə çatdırılmasına xidmət edir.
Yerli kapital bazarının inkişafı və maliyyə savadlılığının artırılması Bakı Fond Birjasının əsas fəaliyyət istiqamətlərindən biridir.