3 fevral 2026 16:52 (GMT/UTC +04:00)
Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub
278
16:55
10 fevral 2025
278

Tədbirdə kapital bazarının inkişafına və KOB-ların alternativ maliyyə mənbələrinə çıxışına dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimai müzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusuna həsr olunub. KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədi müvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyə alətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-lar üçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarının iştirakçıları iştirak ediblər. Tədbirdə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev qiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcək perspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyə savadlılığının təşviqi barədə məlumat veriblər.

Sonra Bakı Fond Birjasının Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov qiymətli kağızlar bazarının inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında məlumat verib.

Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır.

Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bakı Fond Birjasının əsas hədəflərindən biri emitentlərin daha geniş investor bazarına çıxışını təmin etmək üçün şəffaflığı artırmaq, maliyyə savadlılığını təşviq etmək və bazar iştirakçılığını gücləndirməklə maliyyə bazarlarında daha əlçatan mühit yaratmaqdır.