3 fevral 2026 15:34 (GMT/UTC +04:00)

İstiqraz Nədir? Borc Bazarı Necə Formalaşır? İstiqraz - müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin isə rüblük, yarımillik və ya illik ödənilməsinə imkan verən qiymətli kağızdır.


4ff40108a6b2dea170323cfcffc5cf72.png

12ff3f17a7ef28f7e674dab28f5b3621.png

Dövlət qiymətli kağızları və Mərkəzi Bank notları nədir?

Dövlət qiymətli kağızları və Mərkəzi Bank notları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər. 

Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

İpoteka istiqrazları nədir?

İpoteka istiqrazlarını yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu buraxa bilərlər. İpoteka istiqrazları - ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.

İpoteka istiqrazları orta və uzun müddətli olmaqla, faizli sənədsiz formada buraxılır.

Korporativ istiqrazlar nədir?

Korporativ istiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.

İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.

Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.

İstiqrazlar təminatlı və təminatsız ola bilər.

Təmin edilmiş istiqrazlar – onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.

 

İstiqraz buraxılışının üstünlükləri: 

  • Aşağı faizlə maliyyə cəlb etmək
  • Girov tələb edilmir
  • Əsas məbləğ buraxılışın sonunda ödənilir
  • Şərtləri emitent özü müəyyən edir
  • İnvestorlardan asılılıq yaranmır